Layihə haqqında

«THE VOICE» -bütün dünyada vahid, unikal format olmaqla yanaşı, indiyə qədər televiziyalarda yayımlanan digər səs yarışmalarından fərqlənir. İndi ölkəmizdə bu layihəni “Səs Azərbaycan” adı ilə təqdim etməyin vaxtıdır. Azərbaycan Televiziyasında yayımlanacaq ilin gözlənilən musiqi layihəsinin məqsədi ölkənin əsas SƏSini tapmaqdır.

Qaydalara əsasən 4 nəfərdən ibarət münsiflər heyəti “gözübağlı dinləmələr” mərhələsində öz komandalarını formalaşdırmalıdır. Münsiflər heyəti arxası səhnəyə doğru əyləşərək iştirakçıların vokal imkanlarını dəyərləndirib, onları seçir. Hər münsif öz komandasına yalnız 14 nəfər seçə bilər. “Gözübağlı dinləmələr”dən sonra iştirkaçılar mübarizəsini “Rinq” və “Canlı efir”də davam etdirir.

Şounun mərhələləri:

GÖZÜBAĞLI DİNLƏMƏLƏR. Bu, yarışmanın ən rəqabətli mərhələsidir. Münsiflər “gözübağlı” şəkildə iştirakçııları seçir. Onlar arxası səhnəyə tərəf əyləşib, bəyəndiyi səsə dönür və özünə 14 nəfərdən ibarət komanda qurmağa çalışır.

RİNQ. Bir münsifin komandasında olan iştirakçılar həmin komandada olan rəqibi ilə səhnədə musiqili duelə çıxır. Çıxışın yekununda münsif öz komandasından olan iki iştirakçıdan birinə növbəti mərhələdə çıxış etmək şansı verir. Bu mərhələnin sonunda “Canlı efir” mərhələsinə yalnız 32 iştirakçı keçəcək.

CANLI EFİR. Bu bölüm dörd mərhələdən ibarətdir. İştirakçıların müsabiqədəki taleyini münsiflərlə yanaşı tamaşaçıların verdiyi səslər həll edəcək. İlk iki mərhələnin yekununda 32 iştirakçıdan yalnız 16 nəfər yarışmada iştirakını davam etdirmək hüququ qazanacaq. Beləliklə, hər münsifin komandasındakı iştirakçı sayı 2 dəfə azalacaq. Sonrakı iki mərhələdə hər münsif daha bir iştirakçısını itirəcək. Təbii ki, bu da münsiflərin və tamaşaçıların səsverməsi nəticəsində bəlli olacaq. Nəticədə 4 Canlı efir mərhələsindən sonra yalnız 8 iştirakçı yarımfinala keçmək hüququ qazanacaq

YARIMFİNAL. Bu mərhələdə qalan səkkiz iştirakçı səhnədə bir mahnı ifa edəcək ki, bu mahnı ona finala keçmək şansı verə bilər. Canlı yayımlanacaq bütün çıxışların yekununda münsif və tamaşaçıların verdikləri səslərlə 4 iştirakçı finala keçəcək.

FİNAL. Final mərhələsində 4 iştirakçı olacaq (hər münsifin komandasından bir nəfər). İştirakçılar bu mərhələdə iki mahnı ifa edəcək. Onlardan biri solo, digəri isə tabe olduğu münsiflə duet şəklində təqdim ediləcək. Canlı yayımdakı bu çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edəcək. Sonra qalan üç finalçı hərəsi ayrı-ayrılıqda səhnədə yekun mahnılarını təqdim edəcək. Bunun sonunda isə tamaşaçılar “Səs Azərbaycan”ın adına aydınlıq gətirəcək və o, bu layihənin qalibi olacaq.